logo

Ötən il Gəncə hadisələri zamanı 59 nəfər həbs edilib

20:56 04-01-2019 | icon 2555
Ötən il Gəncə hadisələri zamanı 59 nəfər həbs edilib

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib, bir nəfər barəsində isə həbsli axtarış elan olunub. Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

YeniAvropa xəbər verir  ki, bu barədə yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov 2018-ci ilin xalqımız üçün çox uğurlu il olduğunu diqqətə çatdırıb.

Ötən il Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərdən danışan baş prokuror çıxışında Gəncə hadisələrinə xüsusi yer ayırıb. 

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, baş prokurorun müavini Namiq Əsgərov 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar görülmüş işlər, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2018-ci ilin iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə  məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2019-cu ildə də prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu tədbirlərin reallaşdırılmasında, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında öz səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.