Cari ildə Azərbaycanda qurudakı yataqlardan 7,399 milyon barel neft hasilatı planlaşdırılır ki, bu da 2018-ci ildə nəzərdə tutulandan 3,86 faiz azdır.
YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi üzrə Rəy”də qeyd olunub.
Hasilatın ən çox həcmi “Balaxanı” yatağında proqnozlaşdırılır. 2019-cu ildə bu neft mədənindən ildə 1,590 milyon barel hasilat nəzərdə tutulub. 2017-ci ildə burada hasilat 1,7 milyon barel, 2018-ci ilin proqnozunda isə 1,78 milyon barel təşkil edib.
Bu il “Zığ-Hövsan-Abşeron” yatağında 0,546 milyon barel, “Qarasu” yatağında 0,714 milyon barel, “Suraxanı” yatağında 1,190 milyon barel hasilat nəzərdə tutulur. Bu yataqlarda 2019-cu il üzrə proqnoz 2018-ci ilin proqnozu ilə eynidir.
2019-cu ildə “Binəqədi”, “Şirvan”, “Kürsəngi-Qarabağlı” yataqlarında hasilatın azalacağı proqnozlaşdırılır. Cari ildə “Binəqədi” yatağında 0,946 milyon barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 2,87 faiz azdır. “Şirvan” yatağında hasilatın həcminin 1,017 milyon barel olacağı (ötən ilin proqnozundan 0,59 faiz az) gözlənilir. “Kürsəngi-Qarabağlı” yataqlar blokunda isə hasilatın təqribən 7 faiz azalaraq 1,039 milyon barel olacağı planlaşdırılır.
Cari ildə “Neftçala” yatağı və “Muradxanlı-Cəfərli-Zərdab” blokunda hasilatın artacağı proqnozlaşdırılır. “Neftçala” yatağında 0,235 milyon barel neft hasilatı nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozundan 1,7 faiz çoxdur. “Muradxanlı-Cəfərli-Zərdab” blokunda isə hasilatın 1,67 faiz artaraq 0,122 milyon barelə çatacağı gözlənilir.