Yanvarın 3-də gecə saatlarında Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşmüş 18 məcburi köçkün ailəsi müvəqqəti mənzillərdə yerləşdiriliblər.
YeniAvropa xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Məlumatda qeyd edilib ki, Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerində olub, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri yanğının başvermə səbəblərini araşdırırlar. Mütəxəssislərin yekun rəyindən sonra müvafiq hüquqi addımlar atılacaq.