logo

Gürcüstandan gələn avtomobillərdə 6 milyon ədəd pirotexniki məmulat aşkarlanıb

18:48 03-01-2019 | icon 3710
Gürcüstandan gələn avtomobillərdə 6 milyon ədəd pirotexniki məmulat aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsi tərəfindən həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2018-ci ilin yanvar ayından bu günə qədər 106 fakt üzrə 7358635 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb.

YeniAvropa xəbər verir  ki, komitədən verilən məlumata görə, Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 30 belə fakt aşkar olunub ki, həmin faktlar üzrə 5988448 ədəd pirotexniki məmulat Gürcüstandan ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar edilib.

Həmçinin, sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün əsasən nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Belə ki, ayrı-ayrı faktlar üzrə pirotexniki məmulatlardan 250800 ədədi nəqliyyat vasitəsinin arxa döşəməsinin altında xüsusi üsulla düzəldilmiş yerdən, 5856576 ədədi yük nəqliyyat vasitəsinin yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş yerdən, 14720 ədəd nəqliyyat vasitəsinin arxa döşəməsinin altında olan yanacaq çəninin yan hissəsində xüsusi hazırlanmış yerdən, 16200 ədədi nəqliyyat vasitəsinin ön sol,arxa sağ və sol yan qanadlarının içindən, 7800 ədəd nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyi ilə yük yerinin arasında yanacaq çənində xüsusi olaraq hazırlanmış gizli saxlanc yerindən, 4800 ədəd nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində düzəldilmiş xüsusi yerdən aşkar olunub.

Qeyd edək ki, pirotexniki məmulatların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi və ya bəyan edilməməsinə, habelə həmin məmulatların uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozmaya, habelə bu maddələrin və məmulatların poçtla və baqajla qanunsuz olaraq göndərilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmasına görə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

İstifadə olunduğu təqdirdə insan sağlamlığı, ictimai asayiş və ətraf mühit üçün ciddi fəsadlar törədən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunmaqla partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

Komitə qeyd edir ki, aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, ötən ilin dekabr ayında media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib:

"Bundan başqa Dövlət Gömrük Komitəsi mütəmadi olaraq pirotexniki vasitələrin aşkar edilməsi, onların insan sağlamlığına qarşı zərəri, bu məhsulların dövriyyəsinin qadağan olunması ilə bağlı məlumatlar yayır.

Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür.

Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfində saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətə uyğun deyil".