“2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na uyğun olaraq, gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi , o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi məqsədilə mərkəzləşdirilmiş karyera portalı yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, portal ali və orta ixtisas müəssisələrini bitirən gənclərlə bağlı məlumatları əhatə etməklə, işəgötürənlərin həmin məlumatlara real vaxt rejimində çıxışına imkan yaradacaq.
Portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclərin həmin məlumatlarla, eləcə də peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanışlığına şərait yaradacaq. Digər tərəfdən, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumatlar əldə edəcəklər.