logo

Bakı yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq

17:55 29-12-2018 | icon 2597
Bakı yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.   Bu barədə YeniAvropa-ya  Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər bəzəklərin quraşdırılması, bayram yarmarkalarının yaradılması istiqamətində işlər həyata keçirilib.

Qeyd edilib ki,  istirahət parkları və bir sıra meydanlarda ümumilikdə 36 yerdə bayram yolkaları qurulub. Ənənəvi olaraq paytaxtın ən iri yolkası bu il də Azadlıq meydanında qurulub ki, onun hündürlüyü 37 metr, eni 16 metrdir. Eyni zamanda, parklarda ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif Yeni il atributları və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib. Bayram günlərində uşaqların və böyüklərin istirahətinin şən və səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Ticarət və xidmət departamenti tərəfindən bayram günlərində parklarda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün müraciət edənlərlə müqavilələr bağlanıb.

Bayram tərtibatı və hazırlıq işləri Dənizkənarı Bulvarda və İçərişəhərdə də həyata keçirilib.

Eyni zamanda, təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarı ilə metro stansiyalarının yaxınlıqlarındakı 12 yerdə 23 çadır qurulub ki, burada da şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.

Bayramla əlaqədar əlavə tədbirlərin də keçirilməsi nəzərdə tutulub.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.