Bu il dekabrın 19-da prezident İlham Əliyev tərəfindən imzalanmış “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib. Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabrın 28-dək ünvanlı dövlət sosial yardımı alan 42425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün Sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına göstərilən daha bir qayğıdır.
Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. Belə ki, bu il kiçik ailə təsərrüfatları yaratmaq üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən 1000-i məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.