“Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərişıq” və “Azərenerji”nin birgə məlumatında deyilir.
Bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Belə ki, enerji sisteminin dayanıqlılığı və etibarlılığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən, hər iki qurum mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin olunub. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması, nəzarətdə saxlanılması təmin edilib.