Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalı istifadəyə verilib.
Agentlikdən YeniAvropa-ya verilən məlumata görə, fooddata.az portalı “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq yaradılıb.
Portalın yaradılmasında məqsəd hüquqi və fiziki şəxsləri, o cümlədən dövlət orqanlarını ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları barədə məlumatlandırmaqdan ibarətdir. Ölkədə istehsal olunan, idxal və ixrac edilən qida məhsulları barədə ətraflı məlumat yerləşdirilməsi vətəndaşlara imkan verəcək ki, onlar istehlak etdikləri qida məhsullarının hansı ölkədən və nə vaxt idxal edildiyi barədə məlumat öyrənsinlər. Onu xarici ölkələrdə izləyənlər Azərbaycanda hansı qida məhsullarının istehsal edildiyi və ölkədə hansı qida məhsullarına tələbat olduğu barədə məlumatları əldə edə biləcəklər.
Fooddata.az portalında Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azexport.az portalının təqdim etdiyi açıq hesab edilən məlumatlar da yer alacaq. Portalda digər dövlət qurumları ilə əlaqələndirici keçid linkləri, qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı maarifləndirici məlumatlar və beynəlxalq təcrübəni əks etdirən informasiyalar yerləşdirilib.