logo

Türkiyə Azərbaycandan 6 milyard m3 təbii qaz idxal edib

14:48 28-12-2018 | icon 2870
Türkiyə Azərbaycandan 6 milyard m3 təbii qaz idxal edib

Türkiyə cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 milyard kubmetrədək təbii qaz idxal edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, cari ilin oktyabr ayında Türkiyə Azərbaycandan 771 milyon kubmetr qaz idxal edib. Oktyabrda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1 milyard 648 milyon kubmetr) sonra ikinci olub. Üçüncü yerdəki İran isə oktyabrda Türkiyəyə 588 milyon kubmetr təbii qaz göndərib.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda 636 milyon kubmetr, sentyabrda 749 milyon kubmetr, oktyabrda isə 771 milyon kubmetr qaz idxal edib. Beləliklə ilin 10 ayında Azərbaycandan Türkiyəyə təqribən 5 milyard 944 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cari ilin yanvar-sentyabr aylarında boru kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olub. Hesabat dövründə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat və 308 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 800 milyon kubmetrədək “Şahdəniz” qazı nəql edilib. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.