logo

Arxangelsk sahibkarlarının Azərbaycana biznes-missiyası planlaşdırılır

20:11 27-12-2018 | icon 3115
Arxangelsk sahibkarlarının Azərbaycana biznes-missiyası planlaşdırılır

2019-cu ilin mayında Arxangelsk vilayəti nümayəndələrinin Azərbaycana biznes-missiyası planlaşdırılır. Öz məhsullarını Azərbaycanda təqdim etməyə hazır olan gələcək iştirakçıların müraciətləri yanvarın 20-dək qəbul edilir.

YeniAvropa xəbər verir  ki, bu barədə tədbirin təşkilatçısı olan Rusiya Federasiyasının Arxangelsk vilayəti hökumətinin saytında yerləşdirilən məlumatda qeyd edilib. Bildirilir ki, biznes-missiyanın məqsədlərindən biri iqtisadi əməkdaşlığın inkişafı, həmçinin Arxangelsk vilayəti ilə Azərbaycanın istehsalçıları və ticarət sahəsinin nümayəndələri arasında tərəfdaş münasibətlərinin yaradılmasıdır.

Arxangelsk vilayətini və Azərbaycan Respublikasını çoxdankı dostluq əlaqələri birləşdirir. Hazırda Azərbaycan Respublikası Arxangelsk vilayəti üçün ən mühüm ticarət partnyorlarından biridir. Belə ki, 2017-ci ildə ikitərəfli ticarətin həcmi 24,6 milyon ABŞ dolları təşkil edib.

Cari ilin payızında Pomorye nümayəndə heyəti üçüncü dəfə Rusiya-Azərbaycan İşgüzar Forumunda iştirak edib. Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun sözlərinə görə, Rusiyanın bu regionu ilə Azərbaycan arasında ticarət dövriyyəsi il ərzində 40 faiz artıb.