logo

11 ayda qeyri-neft sektoru üzrə 1,552 milyard dollarlıq mal ixrac olunub

16:14 27-12-2018 | icon 3290
11 ayda qeyri-neft sektoru üzrə 1,552 milyard dollarlıq mal ixrac olunub

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikasının ixracı 17,9 milyard ABŞ dollarıhəcmində olub ki, bunun da 1 milyard 532 milyon ABŞ dollarını qeyri-neft sektoru üzrə ixrac təşkil edib. 

YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin dekabr sayındə qeyd edilib. 

Hesabatda bildirilib ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 145 milyon ABŞ dolları və ya 10,5 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 555,4 milyon, Türkiyəyə 321,3 milyon, İsveçrəyə 123,3 milyon, Gürcüstana 117,1 milyon və Qazaxıstana 41,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 22 faiz, Qazaxıstana 42 faiz artıb, İsveçrəyə 8 faiz, Gürcüstana isə 3 faiz azalıb.

2018-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,2 milyon ABŞ dolları) ikinci olub. Xurma isə (89,1 milyon ABŞ dolları) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə 2018-ci ilin yanvar-noyabr ayları ərzində meyvə-tərəvəz ixracı 495 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 110,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,6 milyon, elektrik enerjisinin ixracı 65 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 78,9 milyon, pambıq lifi ixracı 70,9 milyon, kimya sənayesi məhsullarının ixracı 73,3 milyon, pambıq ipliyi ixracı 21,3 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında pambıq lifinin ixracı 2,5 dəfə, elektrik enerjisinin ixracı 58 faiz, pambıq ipliyinin ixracı 44 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 25 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7 faiz, kimya sənayesi məhsulları 1 faiz artıb.

2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4 milyon ABŞ dolları) başçılıq edib. Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6 milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları var.

Bu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları) isə ikinci olub. Bu siyahıda pomidor (12,3 milyon ABŞ dolları) isə üçüncü yeri tutub.

"İxrac İcmalı" ilə www.iqtisadiislahat.org  saytının İcmallar bölümündə tanış olmaq mümkündür.