2018-ci ildə ölkədə 45 490 unsiya qızıl(1,3 ton) və 77 340 unsiya gümüş(2,2 ton) hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin rəhbər və işçi heyətinin iştirakı ilə hasilatla bağlı keçirilən geniş təqdimatda bildirilib.
Təqdimat çərçivəsində dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin Geologiya və dağ - mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin istehsal gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb.
Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30 faiz azaldılaraq, hasilatda keçən ilə nisbətən 33 faiz artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.
Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, Çovdar yatağının istismar müddətinin uzadılması, Tülallar və Ağyoxuş qızıl təzahürləri sahələrində aparılan işlər, 2019-cu və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib.