Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. YeniAvropa Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu istiqamətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də ümumilikdə 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının Samux rayonunda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı olaraq M.Muradovun yaşadığı evə baxış keçirilib. Evdən əlavə 2 kiloqram 820 qram marixuana aşkarlanaraq götürülüb.
Ağdaş şəhər sakini Seymur Şirəliyev 2,24 qram marixuananı satarkən rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən əlavə 1,45 qram, yaşadığı evə baxış zamanı isə 475 qram marixuana aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyat tədbirləri ilə Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin Mansumovdan 410 qram marixuana, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Malik Abbasəliyevdən 46,818 qram tiryək və 450 qram marixuana götürüblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.