logo

Nəqliyyat və telekommunikasiya xidmətləri bayram günlərində fasiləsiz çalışacaqlar

10:58 27-12-2018 | icon 2961
Nəqliyyat və telekommunikasiya xidmətləri bayram günlərində fasiləsiz çalışacaqlar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlara, həmçinin digər telekommunikasiya operatorlarına Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli, fasiləsiz şəkildə təmin edilməsinə dair müvafiq tapşırıqlar verib.

YeniAvropa xəbər verir  ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib .Qeyd edilib ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Şəhərlərarası nəqliyyatın, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığı yaranarsa, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı “1655” saylı “Qaynar xətt” ilə əlaqə saxlamaları xahiş olunur.