logo

Əfqanıstandan Avropaya yola salınan ilk yük karvanı Azərbaycana çatıb

13:10 25-12-2018 | icon 3094
Əfqanıstandan Avropaya yola salınan ilk yük karvanı Azərbaycana çatıb

Lapis-Lazuli marşrut xətti ilə ilk yüklər Azərbaycana gətirilib.

YeniAvropa xəbər verir  ki, qarşılanma mərasimində Türkiyə və Əfqanıstanın Azərbaycandakı səfirləri, Gürcüstan və Türkmənistanın Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edib. Əfqanıstandan Türkmənistana "Berkarar" gəmisi ilə yola salınan 9 tır Bakı Limanına çatıb və quru yol ilə Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya yolunu davam etdirəcək.

Qeyd edək ki, yüklər Əfqanıstandan dekabrın 13-də yola salınıb. Daşınan yüklərə əsasən pambıq, küncüd, quru meyvə və digər məhsullar daxildir.

Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.