logo

“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə dair forum keçirilib

20:38 24-12-2018 | icon 3185
“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə dair forum keçirilib

Dekabrın 24-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” adlı tədbir keçirilib.

YeniAvropa xəbər verir  ki, tədbirin məqsədi prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli Fərmanından irəli gələn məsələlərin icra mexanizmi ilə bağlı sahibkarları məlumatlandırmaq olub.

Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, vergilər nazirinin müavini Mətin Eynullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və 500-ə qədər sahibkar iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı dövlət başçısının son fərmanını xarici ticarət iştirakçılarının fəaliyyətinə mühüm töhfə, yeni il hədiyyəsi kimi səciyyələndirib.

“Yaşıl dəhliz” buraxılış sisteminin pilot variantda həyata keçirildiyini, 2019-cu il fevralın 1-dən isə ixracda tam tətbiq olunacağını vurğulayan komitə sədrinin sözlərinə görə, nəticədə sahibkarlar gömrük orqanına getmədən, gömrük əməkdaşı ilə təmasda olmadan qısa idxal bəyannaməsini əvvəlcədən elektron qaydada gömrük orqanına göndərməklə, malların yükləmə və gömrük rəsmiləşdirməsi proseslərini icra edə, nəqliyyat vasitələrini gömrük təminatının tanınma nişanları, plomblarla təmin edərək istənilən gömrük-sərhəd buraxılış məntəqəsindən ixrac əməliyyatını həyata keçirə bilərlər.

Qeyd olunub ki, bu qayda vətəndaş-məmur təmasını minimuma endirməklə şəffaflığın tam təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, fevral ayının 1-dən idxal əməliyyatları ilə məşğul olan sahibkarlar da bu sistemin faydalarından yararlanacaqlar.

S.Mehdiyev yeni sistemin maliyyə intizamının gücləndirilməsinə, sahibkarlar arasında könüllü riayət prinsipinin formalaşmasına şərait yaradacağını da diqqətə çatdırıb.

Sonra Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə dair təqdimatla çıxış edib.

Ölkədə qeyri-neft sektorunun, aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verən kənd təsərrüfatı naziri İnam Kərimov bütün sahələrdə istehsalın dayanıqlı artımının təmin olunduğunu bildirib. Nazir “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı imzalanan son Fərmanı kənd təsərrüfatı məhsullarının ixracı sahəsində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli , vergilər nazirinin müavini Mətin Eynullayev , Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov , İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, “Caspian European Club”un icraçı direktoru Telman Əliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova çıxış edərək sözügedən Fərmanın sahibkarlıq fəaliyyətinin stimulaşdırılması, ölkənin ixrac potensialının gücləndirilməsi və şəffaflığın təmin olunmasında mühüm rol oynayacağını vurğulayıblar.

Daha sonra forum iştirakçıları adından ad günü münasibətilə prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubunun mətni oxunub.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.