Dekabrın 21-də Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı başlayıb.
YeniAvropa xəbər verir ki, qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.
Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak ediblər.
Azərbaycan Respublikasının birinci-vitse prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat veriblər.
Təhsil naziri çıxışında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 662, magistratura səviyyəsində 13 442, orta ixtisas təhsili müəssisələrində 51 819 tələbə təhsil alır.