Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, baş nazir Novruz Məmmədovun imzaladığı sərəncamda deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6–sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun”.
Qeyd edək ki, martın 23-ü və 24-ü tarixləri şənbə və bazar günlərinə düşdüyündən, onların 25-26 mart tarixləri ilə əvəzlənməsi və Novruz bayramında dalbadal 7 qeyri-iş gününün olacağı istisna edilmir.