logo

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üçüncü məzun-karyera sərgisi açılıb

00:04 17-12-2017 | icon 4284
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üçüncü məzun-karyera sərgisi açılıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) üçüncü məzun-karyera sərgisi təşkil olunub.

Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Məzun-karyera sərgisinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə keçirildiyini qeyd edən rektor ali məktəblərlə sənaye müəssisələri arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, universitetdə sənaye müəssisələrinin marağına uyğun mütəxəssislərin hazırlanmasına xüsusi diqqət verilir. Rektor müəssisələrlə işin yüksək səviyyədə təşkilinin universitet üçün prioritet məsələ olduğunu söyləyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, sərginin əhəmiyyətini diqqətə çatdırıb. Onun verdiyi məlumata görə, bu il indiyədək 9 təhsil müəssisəsində məzun-karyera sərgisi keçirilib və həmin tədbirlərdə üç mindən çox iş yeri təklif olunub.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov və digər çıxış edənlər də sərginin sənaye və müəssisələrlə, şirkətlərlə universitet arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini vurğulayıblar.

Sərgidə 98 şirkət ADNSU-nun tələbə və məzunlarına ümumilikdə 616 vakant iş yeri təklif edib. Sərgidə “SOCAR Polymer”, SOCAR, “Azersun Holdinq” MMC, “AtaHoldinq” MMC, “Bank of Baku” ASC, “NB Qroup” ASC və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər.

Sərgi çərçivəsində şirkətlərin nümayəndələri ADNSU-nun auditoriyalarında tələbə və məzunlar üçün ustad dərsləri təşkil ediblər.