"Alstom" şirkəti Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə çatdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Qazaxıstanda "EKZ" Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv dekabrın 7-də Astanadan yola salınaraq Azərbaycanın Biləcəri qəsəbəsinə gətirilib.
"Alstom" şirkətinin Qərbi və Mərkəzi Asiya bölgəsi üzrə icraçı direktoru Bernard Peille deyib: "Biz "Azərbaycan Dəmir Yolları"nın strateji partnyoru olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı qarşılamaqda kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq".
Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək.
Səkkiz oxu olan “Prima” T8 dünyada ən güclü elektrik lokomotivlərindən biridir. Bu model quraşdırılmış 8,8 meqavatt davamlı güc ilə 9000 tona qədər yükü yedəyə almağa və saatda 120 kilometr sürətlə hərəkət etməyə qadir olan iki hissəli yük lokomotividir.