Bu il Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə 3570 yeni müraciət daxil olub. Həmin müraciətlərin 20 faizinə mənfi rəy verilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyib.
Onun sözlərinə görə, bunun səbəbləri müraciət edənlərə ətraflı izah olunur. Müraciət edənlərin böyük əksəriyyəti sənədlərinin problemsiz tanınmasına nail olur. Türkiyə universitetlərində təhsil alan məzunlarımızın içərisində diplomu tanınmayan olmayıb. Mənfi rəy alanlar əsasən Rusiya, Ukrayna və Gürcüstanın bəzi universitetlərinin məzunlarıdır.
H.Həsənli bəzi hallarda diplomların tanınmasının gecikmə səbəblərinə də aydınlıq gətirib. Qeyd edib ki, bu, müvafiq təşkilatlarla iş prosesi, eləcə də məzunlarla müsahibələrin təşkili ilə bağlıdır.
İdarə rəsmisi deyib ki, bütün hallarda müraciət edənlərlə müsahibələr aparılır. Məqsəd məzunun dil biliklərini yoxlamaq, yaxud terminləri soruşmaq deyil. Əgər həmin şəxs təhsil aldığı ölkənin dilini bilmirsə, faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Hər bir şəxsin ixtisasına uyğun biliklərini yoxlamağa kifayət qədər resurs yoxdur. Limit olaraq ən yaxşılarını müəyyən etmək bizim işimiz deyil. Bunu bazar və işəgötürənlər müəyyən etməlidir.