logo

DYP yağışlı hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib

15:56 19-12-2018 | icon 2884
DYP yağışlı hava şəraiti ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib

Hazırkı hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırlar. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.YeniAvropa xəbər verir  ki, bu barədə  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov KİV-ə açıqlamasında deyib.

V.Əsədov bildirib ki, yağışlı hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobillərin sürət həddinin saatda 60 kilometr olmasına baxmayaraq, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir.

Sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir. Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.

“Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digərlərinin məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. “Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, - deyib özünə “haqq” qazandırmağa çalışanlar öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır.

Yollarda davranış mədəniyyəti fərdi məsələdir. Ona görə də hər bir insan ölüm, xəsarət, maddi ziyan, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün qaydalara, yol polisinin tələblərinə əməl etməlidir”, - deyə V.Əsədov vurğulayıb.