Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında, həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kiloqram olan (496 ədəd) nərə cinsli balıq və 1 ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.