logo

“Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” üzrə ətraf mühitə təsiri layihəsi ictimaiyyətə təqdim edilib

10:31 19-12-2018 | icon 3395
“Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” üzrə ətraf mühitə təsiri layihəsi ictimaiyyətə təqdim edilib

Norveçin “Equinor” şirkəti “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” (ƏDUA) kəşfiyyat sahəsində seysmik tədqiqat işlərinin operatoru olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını ictimaiyyətə təqdim edib.

YeniAvropa xəbər verir  ki, sənədin nüsxələri ictimaiyyətin tanış olması üçün dekabrın 17-dən tarixdən etibarən bu ünvanlarda yerləşdirilib - “Equinor” şirkətinin Bakı ofisinin qəbul şöbəsi (Ü.Hacıbəyli küçəsi 62. Marina Plaza biznes mərkəzi”, M.F.Axundov adına Milli Kitabxana (Xaqani küç, 29), Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (Hüseyn Cavid küç, 31), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsaslı kitabxanası (Azadlıq prospekti 20.), Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B.Ağayev küç, 100a.), Pirallahı Kütləvi kitabxanası, filial 2 (Süleyman Bağırov küç, V.Mustafazadə adına Pirallahı Mədəniyyət evi), Neft Daşları kitabxanası (Neft Daşları Mədəniyyət evi), Çilov adası (Rasim İbrahimov adına 131 saylı orta məktəb, Dmitri Kisilyov küç, 1).

Bundan əlavə, sənədin Azərbaycan və ingilis dillərində tam layihə variantı və qısa xülasəsi “Equinor”un veb səhifəsində (https://www.equinor.com/en/how-and-why/impact-assessments.html) yerləşdirilib.

Qeyd edək ki, bu il mayın 30-da SOCAR “Equinor” qrupunun bir hissəsi olan “Equinor Azərbaycan” şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişlər imzalayıb. HPBS çərçivəsində seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.

“Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.

Milli Məclis iyunun 29-da “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında sazişi ratifikasiya edib. Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə “Equinor Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV” və SOCAR-ın Ortaq neft şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun imzalayıb. Qanuna əsasən, Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.