Dekabrın 17-də Bakıda ikinci Avrasiya Hüquq Qurultayı öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbirdə 40 ölkədən 250 nümayəndə iştirak edir.
Türkiyə Hüquq Platformasının sədri Ahmet Akcan Türkiyə ilə Azərbaycan arasında hüquq sahəsində əlaqələrinin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, 2014-cü ildə Türkiyə-Azərbaycan hüquq platformasının yaradılması iki ölkə arasındakı yaxşı əlaqələrin nəticəsidir.
Ədliyyə nazirinin müavini Azər Cəfərov çıxışında qurultayın əhəmiyyətindən bəhs edərək deyib: “Avrasiya Hüquq Qurultayı məhz Azərbaycan Xalq Cümhuriyyətinin, həmçinin Azərbaycan ədliyyə sisteminin qurulmasının 100 illiyinin qeyd olunduğu bir zamana təsadüf edir”.
Türkiyə Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini qeyd edən nazir müavini bildirib ki, qurultayda beynəlxalq təşkilatlarla münasibətlərin müzakirəsi əsas yer tutacaq.