logo

Yeni Bakı Limanı 45 mininci sərnişini qəbul edib

12:58 14-12-2018 | icon 3080
Yeni Bakı Limanı 45 mininci sərnişini qəbul edib

Dekabrın 14-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45 mininci sərnişini qəbul edib.YeniAvropa xəbər verir  ki,45 mininci sərnişin olan Türkmənistan vətəndaşı Bibipatma Yarjanovanın mükafatlandırılması ilə bağlı Bakı Limanında mərasim keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak edibdir.

Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma Yarjanova bildirib ki, “Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişin daşınmada 50 faiz artım qeydə alınıb və ilin sonuna sərnişin sayının 47 min nəfəri keçəcəyi gözlənilir. Sərnişin sayının artması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Bu terminal ildə 150 min sərnişinə xidmət göstərəcək.

Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaq ki, sərnişinlər biletləri internet üzərindən və ya xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52 faizi Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.