logo

7 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12:11 14-12-2018 | icon 2688
7 kq-dək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşları ötən gün 7 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın heroin aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, İ.Mustafayevlə qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq metamfetamin götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Hüsülü kənd sakini Məzahir Məmmədov 3 kiloqram 305 qram marixuananı satarkən cinayət başında yaxalanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.