logo

Mərkəzi Bankdan 500 avroluq əsginazlarla bağlı açıqlama 

16:15 12-12-2018 | icon 3451
Mərkəzi Bankdan 500 avroluq əsginazlarla bağlı açıqlama 

Mərkəzi Bank son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla və daxil olmuş sorğularla bağlı açıqlama yayıb.

Mərkəzi Bankdan YeniAvropa-ya  bildiriblər ki, Avropa Mərkəzi Bankı 2016-cı il mayın 4-də 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 2018-ci il noyabrın 23-də yaydığı press-relizə əsasən, Almaniya (Bundesbank) və Avstriya mərkəzi bankları tərəfindən gələn il aprelin 26-dan (həmin gün daxil olmaqla), avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə yanvarın 29-dan (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırılacağı bildirilib.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb.

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi onun da daim öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

İstinad: https://www.bundesbank.de/en/tasks/topics/production-and-issuance-of-the--500-banknote-will-be-discontinued-623402 .