"BP" 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yataqları üzrə “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
Onun sözlərinə görə, ümumiyyətlə hər il platformalarda müəyyən profilaktik, təmin işləri həyata keçirilir.
"Cari ildə “Şahdəniz” və AÇG-dəki platformaların heç birinin dayandırılması proqramı həyata keçirilmədi. Gələn il isə 2 platformanın profilaktik dayandırılması proqramının həyata keçirilməsi nəzərdə tutulur. Bu platformalar AÇG-dəki “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platformalarıdır. Həmin platformalarda təmir və sazlama işləri ilə əlaqədar hasilat dayandırılacaq. Adətən bu işlər 15 günə qədər nəzərdə tutulur. Biz çalışırıq ki, 15 gündən daha tez müddətə təmir və sazlama işlərini həyata keçirək ki, bunun hasilata təsiri olmasın. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Proqram üzrə həyata keçiriləcək işlər 2019-cu ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Bu işlər gələn ilin planı üzrə ümumi hasilat göstəricisinə təsir etməyəcək. Platformaların birində profilaktik işlərin gələn ilin ikinci rübündə, digərində isə üçüncü rübdə, oktyabrda həyata keçirilməsi planlaşdırılır. Lakin bu plan üzrədir, əməliyyat əsnasında bunlar dəyişə də bilər”, - deyə “BP Azerbaijan”ın vitse-prezidenti bildirib.