logo

Pərviz Şahbazov: Neft hasilatının azaldılması çox vaxtında qəbul edilmiş qərar idi

19:12 10-12-2018 | icon 3381
Pərviz Şahbazov: Neft hasilatının azaldılması çox vaxtında qəbul edilmiş qərar idi

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi.

YeniAvropa xəbər verir  ki, bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

“Ötən həftə Vyanada OPEC və OPEC+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca “qara qızıl”ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq. Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək”, - deyə nazir sözlərinə əlavə edib.

O, gələn il Bakıda keçirilməsi nəzərdə tutulan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasının vaxtının isə hələ ki, dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib.