logo

Hesablama Palatası SKM Fondunda ciddi nöqsanlar aşkarlayıb

13:58 10-12-2018 | icon 3346
Hesablama Palatası SKM Fondunda ciddi nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna (Sahibkarlığın İnkişafı Fondu) ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri barədə hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

Palatanın mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, audit 2015-2017-ci illərdə fondun fəaliyyətinin təşkili, vəsaitlərin formalaşması və istifadəsi, istifadə olunan vəsaitin həcmi və strukturu, vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinata uyğun istifadəsi, maliyyə hesabatlarının dürüstlüyü və daxili nəzarətin qiymətləndirilməsi məsələlərini əhatə edib.

Auditlə əhatə olunan dövr ərzində Fond tərəfindən maliyyələşdirilən bəzi investisiya layihələrinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid əkin sahələrində əsaslı tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbləri pozularaq həmin torpaqların təyinatının dəyişdirilməsi ilə yanaşı, faktiki olaraq istifadəsi əkin məqsədləri üçün nəzərdə tutulmuş torpaqların dövriyyədən çıxarılmasına gətirib çıxarıb.

Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin fond tərəfindən monitorinqlə əhatəliliyi lazımi səviyyədə təşkil olunmayaraq 2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63 faizi, 2016-cı ildə 2,55 faizi, 2017-ci ildə isə 7,93 faizi monitorinqlərlə əhatə edilib.

Fond tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də ekspertizanın keçirilməsi qaydaları hazırlanmayıb, layihələrin yerində ilkin və cari monitorinqlərinin aparılması qaydalarının layihə risklərinin minimuma endirilməsi üçün təkmilləşdirilməsinə zərurət yaranıb, investisiya layihələrində əsasən tikinti-quraşdırma işləri və texnoloji avadanlıqların alınması nəzərdə tutulsa da, biznes planların ixtisaslaşmış ekspertizasının aparılması üçün fondun yetərli kadr potensialının olmaması və kənardan peşəkar mütəxəssislərin cəlb edilməməsi ekspertizaların təkmil və əhatəli aparılması, eləcə də investisiya layihələrinin bu sahəni tənzimləyən normativ sənədlərin tələblərinə uyğun hazırlanması və təqdim edilməsində risklər yaradıb, habelə layihələrin dəyərinin bazar qiymətlərinə uyğunlaşdırılması tam nəzarətdə saxlanılmayıb.

Bəzi hüquqi və fiziki şəxslərin fonddan müvəkkil kredit təşkilatları vasitəsilə iqtisadiyyatın müəyyən olunmuş prioritet sahələrinin inkişafı üçün güzəştli kredit almalarına baxmayaraq, onlar tərəfindən vergi bəyannamələrində (əlavələrdə) alınmış kredit vəsaitlərinin məbləğinin göstərilməməsi və ya düzgün göstərilməməsi, həmçinin gəlir əldə etmədiklərinin və ya fəaliyyətlərinin dayandırıldığının bəyan edilməsi, biznes planda nəzərdə tutulan yeni iş yerlərinin yaradılması faktlarının bəyannamədə öz əksini tapmaması, dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu ehtimalını göstərir.

Müvəkkil kredit təşkilatları ilə fond arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtin müvəkkil kredit təşkilatları tərəfindən dəfələrlə pozulmasına baxmayaraq kredit təşkilatlarının "müvəkkillik" statusuna xitam verilməyib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, Sahibkarlığa Kömək Milli Fondunda yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən kredit portfelinin dayanıqlığının təmin edilməsi, vəsaitlərin müqavilə şərtlərinə uyğun vaxtında geri qaytarılması risklərinin minimuma endirilməsi və ondan qanunvericiliyə uyğun səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi, güzəştli kredit vəsaitlərinin biznes-planda nəzərdə tutulan tədbirlər üzrə xərclənməsi və qeyri-təyinat hallarının vaxtında müəyyən edilərək qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə mövcud olan monitorinq qaydalarının nəticəlilik baxımından tərkib riskləri nəzərə alınmaqla əsaslı istiqamətdə təkmilləşdirilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın surəti müvafiq qaydada icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilib.

Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.