Metronun “Bakmil” stansiyasına giriş və çıxışa qoyulan məhdudiyyətin vaxtı uzadılır.
“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. Səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.
Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında, həmin stansiyadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, metronun “Bakmil” stansiyası ilə “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Qeyd edək ki, bu vaxta qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.