Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il dekabr ayının 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 137 milyard 446 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə YeniAvropa-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd edilib ki, cari ilin yanvar-noyabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 8 milyard 960 milyon dollar vəsait daxil olub.
O cümlədən bu ilin 11 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 222 milyon dollar təşkil edib.
Xatırladaq ki, cari il yanvarın 29-da Neft Fonduna “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.