logo

“Akkord”  Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub

13:31 06-12-2018 | icon 3052
“Akkord”  Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Gürcüstanda daha bir beynəlxalq layihənin qalibi olub.

YeniAvropa xəbər verir  ki, Korporasiya qonşu ölkədə beynəlxalq əhəmiyyətli magistral yolun bir hissəsinin tikintisini həyata keçirəcək.

Layihəyə əsasən “Akkord” Gürcüstanın qərbində Dzirula-Xaraqauli-Moliti-Puna-Çumateleti magistralının Moliti-Çumateleti hissəsinin təmir və tikintisini həyata keçirəcək.

Layihənin icrasına başlamaq üçün “Akkord” korporasiyası ilə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi arasında müqavilə imzalanıb. Sənədi nazir müavini İrakli Karseladze ilə korporasiyanın Gürcüstan filialının direktoru Alik Cəfərov imzalayıblar.

Nazirlikdən bildirilib ki, layihədə yolun 25 kilometrlik hissəsində asfalt örtüyünün dəyişdirilməsi, 22 körpünün əsaslı təmir və bərpası, yolda drenaj boruların, istinad divarlarının, təhlükəsizlik banerlərinin tikintisi nəzərdə tutulub.

Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihənin ümumi dəyəri 54 milyon 566 min 117 avrodur.

Yolun tikintisinin 29 aya başa çatdırılması nəzərdə tutulub.

Layihə başa çatdırıldıqdan sonra Xaraqauli bələdiyyəsinin 23 mindən çox əhalisinin, eləcə də həmin əraziyə yaxın 13 kəndin 7 mindən çox əhalisinin sosial həyat tərzi yaxşılaşacaq.

Xatırladaq ki,  bu,  “Akkord”un Gürcüstanda həyata keçirdiyi ilk layihəsi deyil. Korporasiya daha bir neçə layihə üzrə tenderlərdə iştirak edib və yaxın günlərdə həmin layihələr üzrə yeni müqavilələrin imzalanacağı gözlənilir.