Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.
YeniAvropa xəbər verir ki, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.
Beş milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələri dekabrın 4-də elan olunub. Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnivartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.
Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.
Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi.