Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 102 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, on bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.