Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşlarının keçirdikləri reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Xalid Abdulla Al-Tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Cameel olduğu müəyyənləşib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.
Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və o, 1000 manat məbləğində cərimələnib.