logo

Vyanada OPEC+ ölkələrinin IV Texniki toplantısı keçirilib

14:59 29-11-2018 | icon 2765
Vyanada OPEC+ ölkələrinin IV Texniki toplantısı keçirilib

OPEC+ ölkələrinin IV Texniki toplantısı keçirilib.

YeniAvropa OPEC-ə istinadla xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo iştirakı ilə Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin IV Texniki toplantısı təşkil edilib.

Qeyd edək ki, dekabrın 6-da Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Toplantıda OPEC üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunması gözlənilir. İclasda, həmçinin iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər nəzərdən keçiriləcək. Bundan başqa, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırır.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.