logo

Snoptiklərdən xəbərdarlıq: Temperatur 5-8° enəcək

14:33 28-11-2018 | icon 2520
Snoptiklərdən xəbərdarlıq: Temperatur 5-8° enəcək

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında, noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Azərbaycanın rayonlarında noyabrın 30-dan dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Noyabrın 29-u gündüzdən 30-u gündüzədək qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.