logo

Türkiyə cari ildə Azərbaycandan 5,1 milyard m3 təbii qaz idxal edib

13:58 28-11-2018 | icon 3024
Türkiyə cari ildə Azərbaycandan 5,1 milyard m3 təbii qaz idxal edib

Türkiyə bu ilin üç rübündə Azərbaycandan 5,1 milyard kubmetr təbii qaz idxal edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, cari ilin sentyabr ayında Türkiyə Azərbaycandan 749 milyon kubmetr qaz idxal edib. Sentyabrda Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1 milyard 718 milyon kubmetr) sonra ikinci olub. Üçüncü yerdəki İran isə sentyabrda Türkiyəyə 494 milyon kubmetr təbii qaz göndərib.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, apreldə 292,04, mayda 601 milyon kubmetr, iyunda 578 milyon kubmetr, iyulda 595 milyon kubmetr, avqustda 636 milyon kubmetr, sentyabrda isə 749 milyon kubmetr qaz idxal edib. Beləliklə ilin ilk 9 ayında Azərbaycandan Türkiyəyə təqribən 5 milyard 173 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cari ilin yanvar-sentyabr aylarında boru kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olub. Hesabat dövründə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat və 308 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 400 milyon kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.