logo

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni elektron xidmətlərlə bağlı ictimai dinləmə keçirib

11:49 28-11-2018 | icon 2674
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni elektron xidmətlərlə bağlı ictimai dinləmə keçirib

Noyabrın 28-də  "Hilton" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib.

YeniAvropa xəbər verir  ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, belə geniş təqdimatın keçirilməsinin əhəmiyyətli səbəbləri var:"Bunlardan biri, Şuranın gələn ildən etibarən tətbiq edəcəyi yeniliklərin təqdimatıdır. Belə ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə hazırlanan proqramlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq təqdim edilib. İctimai dinləmənin keçirilməsinin ikinci mühüm şərti QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir”.

Azay Quliyev vurğulayıb ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin böyük ictimai əhəmiyyəti var. Belə ki, layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi, müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti, QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi, konsultativ dəstək üzrə onlayn xidmət, apelyasiya komissiyasının iclasında onlayn iştirak kimi proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar.

Onun sözlərinə görə, tətbiq olunan bu elektron xidmət və proqramlar şuranın fəaliyyətində şəffaflığı daha da artırır, qurumla QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib.

O qeyd edib ki, 2018-ci ildə ötən illə müqayisədə xeyli layihə dəstəklənib. 543 layihənin Şura tərəfindən dəstəkləndiyini deyən F.Qurbanov QHT-lərin təqdim etdiyi layihələrin sənədləşməsində müəyyən qüsurların olduğunu da vurğulayıb. Yeni proqramın tətbiqindən sonra haqqında bəhs olunan problemlərin azalacağı proqnozlaşdırılır.

Təqdimatdan sonra tədbir iştirakçıları yeniliklərlə bağlı fikir və rəylərini bildirib, QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.