“Qarabağ” – “Sportinq” oyununa görə “Koroğlu” metrostansiyası gücləndirilmiş rejimdə çalışacaq
Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ” futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın “Sportinq” klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq metronun “Koroğlu” stansiyasının iş rejimində bəzi dəyişikliklər ediləcək.
YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bu arenada keçirilən tədbirlər üçün QSC-nin mövcud əməliyyat planına uyğun olaraq stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq.
Matçın saat 21:55-də başlanması nəzərə alınaraq “Bakı Metropoliteni” QSC rəhbərliyinin qərarına əsasən, görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədilə xüsusi tədbirlər həyata keçiriləcək.
Oyun gecə saat 00:00 radələrində başa çatacağından “Koroğlu” stansiyasının iş rejimi zərurət yaranacağı təqdirdə bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq mənzil başına çatdırılacaq.
Qeyd edək ki, Bakı metrosunun iş rejimi səhər saat 06-dan axşam saat 24-00-ə qədərdir.