logo

Xarici diplomatlar Azərbaycanın hab konsepsiyası ilə tanış olublar

20:37 26-11-2018 | icon 2821
Xarici diplomatlar Azərbaycanın hab konsepsiyası ilə tanış olublar

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov gənc xarici diplomatlara Azərbaycanın hab konsepsiyası haqqında məlumat verib.

Limandan YeniAvropa-ya bildirilib ki, noyabrın 26-da ADA universitetində Bakı Limanının baş direktoru Taleh Ziyadov 17 gənc xarici diplomata Azərbaycanın hab konsepsiyası, Bakı Limanın müasir standartlara uyğun və avtomatlaşdırılmış əməliyyat sistemi barədə məlumat verib.

Taleh Ziyadov qeyd edib ki, ölkənin coğrafi məkanı, siyasi stabillik və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğu xarici investorlar üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən ölkəmizdə nəqliyyat infrastrukturuna ciddi sərmayə ayrılır. Bütün bunlar Azərbaycanın hab strategiyasını təşkil etməklə, dünya nəqliyyat dəhlizlərində xüsusi çəkisini artırır. Bu gün ölkəmiz həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizində əsas qovşaqlardandır.

Buna sübut olaraq isə artan yükaşırma dinamikasıdır. Qeyd olunub ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə son 10 ayda ümumi konteyner aşırılması 50.6 faiz artıb (8728 TEU), sərnişin sayı isə 48.5 faiz artaraq 39.215 nəfərə çatıb.

Daha sonra Baş direktor gənc diplomatların suallarını cavablandırıb.

Təlimdən sonra iştirakçılar Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər edərək Limanla əyani tanış olublar. Qeyd edək ki, ADA Universiteti və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşkil etdiyi və 3 həftə təlimi əhatə edən proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanma, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan diplomatlar iştirak edir.