Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib. Hər iki şəxs daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkarlandığına görə saxlanılıblar.
Noyabrın 20-də həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd “Metadon” psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.