logo

SOCAR İstanbulun yeni hava limanında 9 YDM açacaq

11:54 23-11-2018 | icon 3010
SOCAR İstanbulun yeni hava limanında 9 YDM açacaq

SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, Türkiyənin ən böyük xarici investoru olan SOCAR tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq “İstanbul” hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderin qalıbı olub.

“SOCAR Türkiyə” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan “İstanbul” hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb. Hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək.

“SOCAR Türkiyə” şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini söyləyib: “2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14,2 milyard dollarlıq investisiya dəyəri ilə “Star” neft emalı zavodu, TANAP, “Petlim” konteyner terminalı, “Petkim” külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Türkiyə”nin Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”.

Doqquz stansiyanın 5-i perronda, biri karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. Bu il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 min 280 kvadratmetrlik bir sahədə xidmət edəcək. “SOCAR Türkiyə”nin hava limanın perron hissəsində yerləşən 5 stansiyası “THY-TGS-Çelebi-HAVA-IGA Yer İşletmeleri”nə aid 4000-dən çox avtomobili yanacaqla təmin edəcək. Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları, gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo şəhərciyində yer alan 5000 kvadratmetrlik sahədə yerləşən stansiya isə karqo şirkətlərinin 1000-dən çox avtomobili ilə yanaşı sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət göstərəcək. Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid 1200 avtomobilin yanacaq təminatını həayat keçirəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10 min avtomobilin istifadə etməsi planlaşdırılır.

Xatırladaq ki, yeni “İstanbul” hava limanından ilk ölkəxarici uçuşlar Şimali Kipr Türk Respublikasına və Azərbaycana həyata keçirilib.