logo

“MilliNet 2018”də internet resursların qeydiyyatı başa çatıb

17:49 22-11-2018 | icon 2625
“MilliNet 2018”də internet resursların qeydiyyatı başa çatıb

Milli İnternet Mükafatı – “MilliNet 2018”də internet resursların qeydiyyatı başa çatıb və 1-ci səsvermə mərhələsi başlayıb. “MilliNet” Təşkilat Komitəsindən YeniAvropa-ya bildirilib ki, bu il müsabiqəyə 19 nominasiya üzrə 406 internet resurs təqdim edilib (ötən il bu rəqəm 392 olub).

Mobil tətbiqlər üzrə 2 nominasiyada rəqabətli mühit formalaşmadığı üçün, bu nominasiyalardakı resurslar digər uyğun nominasiyalara keçirilib.

Beləliklə hazırda “MilliNet 2018”ə təqdim edilən 406 resursdan 302 resurs 17 nominasiya üzrə ən yaxşı internet resurs statusu qazanmaq üçün yarışmada iştirak edəcəklər. Onlardan 164-ü saytlar, 37-si mobil tətbiqlər və 101-i sosial media resurslarıdır.

İndiyədək qaydalara uyğun olmayan 104 internet resursun müsabiqəyə qəbulundan imtina edilib.

“MilliNet” Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən Təşkilat Komitəsi tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.

Hazırda “MilliNet.az”da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.

“MilliNet” Təşkilat Komitəsi bildirir ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Noyabrın 21-dən 1-ci mərhələdə qiymətləndirmə prosesi başlayıb və dekabrın 2-si saat 00:00-da başa çatacaq.

1-ci mərhələdə səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar içərisindən 2-ci mərhələdə isə səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-dək yekunlaşacaq.

Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək. Münsiflərə aidiyyəti olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir. Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. “MilliNet”in baş sponsoru “AzerTelecom” şirkətidir. Müsabiqəyə “Lenovo”, “BestComp”, “İnnovasiyalar Mərkəzi”, “NOVA” və “NEURON” şirkətləri də dəstək verirlər.