logo

Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransı keçirilir

14:19 22-11-2018 | icon 4816
Doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransı keçirilir

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, açılış mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın məqsədi və əhəmiyyətindən danışıb.

Təhsil naziri Ceyhun Bayramov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir dövlətimizin başçısının Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib.

Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə gənc alimlərə kömək məqsədilə fond tərəfindən reallaşdırılan qrant layihələrinin uğurlu nəticələrindən danışıb.

Tədbirdə gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.

Konfrans çərçivəsində ADPU-nun məzunları olmuş akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi də keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.