logo

Naziri: Elmlər doktoru proqramlarında təhsil alanların 8 faizi gənclərdir

19:33 22-11-2018 | icon 8274
Naziri: Elmlər doktoru proqramlarında təhsil alanların 8 faizi gənclərdir

Fəlsəfə doktoru proqramlarını bitirənlərin 14 faizi, yəni 74 nəfər, elmlər doktoru proqramlarını bitirənlərin isə 23 faizi, yəni 16 nəfər dissertasiyalarını vaxtında müdafiə edə bilib.

YeniAvropa xəbər verir  ki, bunu təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXII respublika konfransında çıxışı zamanı deyib. C.Bayramov bildirib ki, 2017-ci ildə fəlsəfə doktoru proqramlarına 455 nəfər, elmlər doktoru proqramlarına 129 nəfər qəbul olunub. Həmin ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq, 529 nəfər və 69 nəfər təşkil edib.

Nazir qeyd edib ki, hazırda dövlət ali təhsil müəssisələrində işləyən elmlər doktorlarının 65 faizinin çoxunun yaşı 61-dən çoxdur. Həmin müəssisələrdə yaşı 30-dan aşağı olan elmlər doktorları yoxdur. Hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir.

O bildirib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.

C.Bayramov əlavə edib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1 160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.