Bakıda "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" adlı beynəlxalq konfrans keçirilir
Noyabrın 22-də Bakıda Azərbaycan ədliyyəsinin 100 illik yubileyinə həsr olunan “Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
YeniAvropa xəbər verir ki, konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, o cümlədən Türkiyənin, Belarusun, Gürcüstanın və digər ölkələrin ədliyyə nazirləri və müavinləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər.
Konfransın açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edib. 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov bildirib ki, konfrans hüquqi dövlətdə ədliyyə sisteminin, Azərbaycan ədliyyəsinin formalaşmasına, inkişafına və qarşıda duran yeni çağırışlara həsr olunub.
Azərbaycan Respublikası prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov dövlət başçısının ədliyyə işçilərinə və hakimlərə təbrik məktubunu oxuyub.
Tədbirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ədliyyəsi və məhkəmə sisteminin qurulması tarixindən və inkişaf yolundan danışıb.
Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov konfransda “Azərbaycan Ədliyyəsi 100: təkamül və yeni çağırışlar” mövzusunda geniş məruzə ilə çıxış edib.